Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında indiyədək 200 mindən çox tamaşaçı izləyib.

Postxronika.az xəbər verir ki, filmin “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” bölümləri ölkə kinoteatrlarında böyük maraqla qarşılanıb. Kinoteatrların rəsmi statistikasına əsasən, ekran əsəri “Ən çox izlənilən Azərbaycan filmi” elan olunub.

Qeyd edilib ki, “Tağıyev: Neft” filmi 98-ci “Oscar” mükafatlarında “Ən yaxşı beynəlxalq bədii film” nominasiyası üzrə Azərbaycandan rəsmi namizəd seçilib. Ekran əsəri ABŞ-ın Los-Anceles şəhərində və Böyük Britaniyanın paytaxtı Londonda, BAFTA-nın Princess Anne Theatre zalında da nümayiş etdirilib.

Bundan əlavə, film “Dehancer Colourist Awards 2024” festivalında tammetrajlı filmlər arasında rəng korreksiyası üzrə qalib olub. “Dədə Qorqud” Film Festivalında isə baş rolun ifaçısı, xalq artisti Pərviz Məmmədrzayev “Ən yaxşı kişi rolu” nominasiyasında mükafata layiq görülüb.

Hazırda Azərbaycan Milli Kino Günü münasibətilə CinemaPlus kinoteatrlarında keçirilən “Tağıyev” Film Həftəsi çərçivəsində filmin dörd hissəsi avqustun 9-dək yenidən böyük ekranda nümayiş olunur.