Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısını almaq üçün irihəcmli texnikalar vasitəsilə tədbirləri davam etdirir.
Postxronika.az xəbər verir ki, hazırda Talaçayın Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazisindən keçən sağ və sol sahillərində sahilbərkitmə işləri aparılır. Bununla yanaşı, Muxaxçay (Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil), Katexçay (Paşan) və Bəkməzçay (Car və Axaxdərə) boyunca riskli zonalarda məcratəmizləmə tədbirləri həyata keçirilir.
Qurumdan bildirilib ki, işlərin əsas qayəsi yaşayış məntəqələrini, əkin sahələrini və mühəndis-kommunikasiya infrastrukturlarını sel təhlükəsindən qorumaqdır.
İdarə, həmçinin əhalinin içməli su təminatını nəzarətdə saxlayır. Son intensiv yağışlar nəticəsində su mənbəyində yaranan fəsadların aradan qaldırılması və suyun verilişində fasilələrin olmaması üçün şəhər ərazisində qəza-bərpa işləri operativ şəkildə icra olunur.
Qeyd edək ki, iyulun əvvəlində Şimal-qərb bölgəsinə yağan leysan yağışları dağ çaylarında selə səbəb olmuşdu. Hazırda rayondan axan bütün çaylar agentlik tərəfindən nəzarətdə saxlanılır.