ABŞ administrasiyası süni intellekt və məlumat mərkəzlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə Çin texnologiyalarına qarşı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası ABŞ-a yeni nəsil Çin istehsalı məlumat mərkəzi avadanlıqlarının idxalını qadağan edəcək qərar layihəsi üzərində işləyir.

Mənbələrin bildirdiyinə görə, məhdudiyyət əsasən optik məlumat ötürücü modulları əhatə edəcək. ABŞ rəsmiləri hesab edirlər ki, bu avadanlıqlar vasitəsilə məlumatların oğurlanması, zərərli proqram təminatının yerləşdirilməsi və ya strateji infrastrukturun fəaliyyətinə müdaxilə riski mövcuddur.

Federal Rabitə Komissiyasının (FCC) bu il ərzində yeni qaydaları ictimaiyyətə təqdim etməsi gözlənilir. Bununla belə, qərarın qüvvəyə minməzdən əvvəl dəyişdirilməsi və ya təxirə salınması da mümkündür.

Reuters qeyd edir ki, sözügedən təşəbbüs Vaşinqtonun son illərdə Çin texnologiyalarına qarşı həyata keçirdiyi məhdudlaşdırıcı siyasətin növbəti mərhələsi hesab olunur. Pekin isə maraqlarına zərər vuran addımlara cavab verəcəyini bəyan edib.

Atabəy Abbaszadə