Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində Şəmkirdə tarix ixtisası üzrə təhsil alan tələbələr üçün arxeoloji yay məktəbi təşkil edilib.

Postxronika.az xəbər verir ki, “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda keçirilən yay məktəbinin məqsədi tələbələrin arxeologiya sahəsində nəzəri biliklərini möhkəmləndirmək, onları arxeoloji qazıntılara cəlb etməklə praktiki tədqiqat bacarıqlarını inkişaf etdirməkdir.

Proqram çərçivəsində tələbələr mədəni təbəqələrin öyrənilməsi, artefaktların aşkarlanması və sənədləşdirilməsi, stratiqrafiya, rəqəmsal arxeologiya, çöl tədqiqatlarının aparılması, eləcə də qazıntı alətlərindən istifadə qaydaları üzrə nəzəri və praktiki təlimlərə qatılırlar.

Təcrübəli arxeoloqların rəhbərliyi ilə tələbələr Şəmkir abidəsinin narınqala hissəsində IX–X əsrlərə aid monumental binanın tədqiqində iştirak edir, artefaktların və osteoloji qalıqların aşkar edilməsi, təmizlənməsi və qeydə alınması üzrə ilkin peşə bacarıqları əldə edirlər.

Yay məktəbinin proqramına, həmçinin Şəmkir bölgəsində yerləşən tarixi-arxeoloji abidələrə və muzeylərə ekskursiyalar da daxildir.

Qeyd edək ki, Şəmkir arxeoloji yay məktəbi avqustun 9-dək davam edəcək.