Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birgə qrant müsabiqəsi elan edib.

Postxronika.az xəbər verir ki, layihə təkliflərinin qəbulu avqustun 6-da başlayacaq və avqustun 26-dək davam edəcək. Sənəd qəbulu başa çatdıqdan sonra layihələr ekspertiza olunacaq, qiymətləndiriləcək və qaliblər açıqlanacaq.

Müsabiqə üzrə böyük qrantın məbləği 30 min manatdan 450 min manatadək müəyyən edilib.

Qrant müsabiqəsi əsasən İİV/QİÇS, vərəm və virus hepatitlərinin profilaktikası istiqamətində fəaliyyət göstərən layihələri əhatə edir. Layihələr inyeksion narkotik istifadəçiləri, qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar, qeyri-ənənəvi həyat tərzi keçirən kişilər və gender uyğunsuzluğu olan şəxslər arasında profilaktik tədbirlərin həyata keçirilməsi, müayinələrin təşkili, maarifləndirmə, psixoloji və hüquqi dəstək xidmətlərinin göstərilməsini nəzərdə tutur.

Müsabiqə Bakı, Sumqayıt, Abşeron, Xızı, Şamaxı, İsmayıllı, Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan, Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, Beyləqan, İmişli, Saatlı və Sabirabad da daxil olmaqla ölkənin müxtəlif bölgələrini əhatə edir.

Layihələr çərçivəsində benefisiarlara şpris, qoruyucu vasitələr, gigiyenik ləvazimatlar, maarifləndirici materiallar təqdim olunacaq, İİV, Hepatit B (HBV), Hepatit C (HCV), sifilis və vərəm üzrə müayinələr, “Təmasdan öncə profilaktika” (TÖP) xidmətləri, psixoloji, hüquqi və tibbi məsləhətlər göstəriləcək. Bütün tibbi xidmətlər və gigiyenik vasitələr Qlobal Fond tərəfindən ödənişsiz təmin ediləcək.

Müsabiqəyə səhiyyə və sağlamlıq, eləcə də zərərli asılılıqlarla mübarizə istiqaməti nizamnaməsində əks olunmayan QHT-lərin layihələri, həmçinin 2026-cı ildə Səhiyyə Nazirliyinin qrant müsabiqələrinin qalibi olmuş QHT-lərin layihələri qəbul edilməyəcək.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, müraciət edən təşkilatlar layihə təklifi, icra planı, xərc smetası, maliyyə əsaslandırılması, qeydiyyat sənədləri, vergi şəhadətnaməsi, bank rekvizitləri, səlahiyyətli nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti, eləcə də son 5 il ərzində həyata keçirdikləri fəaliyyət və layihələr barədə ən azı 30 fərqli media materialını təsdiq edən sənədləri təqdim etməlidirlər.

Layihələr yalnız QHT Agentliyinin elektron xidmətlər portalının e-ərizə bölməsi vasitəsilə qəbul ediləcək. Şəxsən, poçt və ya elektron poçtla göndərilən müraciətlər qəbul olunmayacaq.