ABŞ administrasiyası Çinlə texnologiya sahəsində rəqabəti gücləndirmək məqsədilə günəş panelləri və yarımkeçiricilərin istehsalında istifadə olunan əsas xammallardan biri olan polisilikon məhsullarına qarşı yeni ticarət məhdudiyyətləri hazırlayır.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası polisilikon məhsulları üçün minimum qiymət həddinin müəyyənləşdirilməsi və əlavə gömrük rüsumlarının tətbiqi imkanlarını nəzərdən keçirir.

Mənbələrin bildirdiyinə görə, yeni tədbirlər ABŞ-da günəş enerjisi və yarımkeçirici istehsalını dəstəkləmək, eyni zamanda Çin istehsalçılarının bazarda üstünlüyünü məhdudlaşdırmaq məqsədi daşıyır. Polisilikon günəş panellərinin və müasir mikroçiplərin istehsalında əsas xammallardan biri hesab olunur.

Məlumata görə, Vaşinqton hesab edir ki, Çin dövlət subsidiyaları hesabına bu sahədə qlobal bazarda dominant mövqe əldə edib. ABŞ rəsmiləri isə daxili istehsalın gücləndirilməsi və strateji sənaye sahələrinin xarici asılılığının azaldılması üçün əlavə iqtisadi tədbirlərin zəruri olduğunu bildirirlər.

Reuters qeyd edir ki, administrasiya həm qiymət həddinin tətbiqini, həm də əlavə tarif mexanizmlərini paralel şəkildə qiymətləndirir. Qərarın yaxın həftələrdə açıqlanacağı gözlənilir.

Analitiklərin fikrincə, bu addım ABŞ və Çin arasında son illərdə davam edən texnologiya və ticarət rəqabətini daha da dərinləşdirə bilər. Eyni zamanda, yeni məhdudiyyətlərin qlobal günəş enerjisi və yarımkeçirici bazarında qiymətlərə, eləcə də beynəlxalq tədarük zəncirlərinə təsir göstərəcəyi istisna edilmir.

Nigar Şirinova