Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə 33 533 nəfərə ilk dəfə şəkərli diabet diaqnozu qoyulub.
Postxronika.az xəbər verir ki, rəsmi statistikaya əsasən, ilk dəfə diabet diaqnozu qoyulan şəxslərdən 1 134 nəfəri insulindən asılı, 32 399 nəfəri isə insulindən asılı olmayan diabet xəstəsidir.
Məlumata görə, ötən ilin sonuna Azərbaycanda tibb müəssisələrində ümumilikdə 423 523 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda olub. Onlardan 39 211 nəfəri insulindən asılı, 384 312 nəfəri isə insulindən asılı olmayan diabet xəstələridir.
Statistika göstərir ki, yeni aşkarlanan diabet hallarının sayı əvvəlki illə müqayisədə artıb. Belə ki, 2023-cü ildə bu göstərici 30 500 nəfər təşkil etdiyi halda, 2024-cü ildə 33 533 nəfərə yüksəlib.
Mütəxəssislər bildirirlər ki, şəkərli diabet ürək-damar, böyrək, göz və sinir sistemi ilə bağlı ciddi ağırlaşmalara səbəb ola bilən xroniki xəstəlikdir. Xəstəliyin erkən mərhələdə aşkarlanması, sağlam qidalanma, fiziki aktivlik və mütəmadi tibbi müayinələr risklərin azaldılmasında mühüm rol oynayır.