Azərbaycanda bəzi fənlər üzrə müəllim çatışmazlığı hələ də aktual olaraq qalır. Bu, Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində elan etdiyi vakansiyalarda da öz əksini tapır.

Postxronika.az xəbər verir ki, MİQ üzrə son vakansiya seçimlərində riyaziyyat, fizika, kimya, informatika, xarici dillər, texnologiya və təsviri incəsənət fənləri üzrə yüzlərlə vakant yer elan olunub. Xüsusilə region məktəblərində bu ixtisaslar üzrə müəllim tələbatı daha yüksək olaraq qalır.

Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu il informatika müəllimləri üçün ilk dəfə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçimi imkanı yaradılıb. Bu addım rəqəmsal təhsil sahəsində müəllim ehtiyacının artdığını göstərən göstəricilərdən biri hesab olunur.

Təhsil ekspertlərinin fikrincə, riyaziyyat, fizika, kimya və informatika kimi STEM istiqamətli ixtisasların məzunları özəl sektorda daha yüksək əməkhaqqı ilə işləmək imkanı əldə etdiklərindən məktəblərdə, xüsusilə də regionlarda müəllim çatışmazlığı yaranır.

Mütəxəssislər hesab edirlər ki, regionlarda çalışan müəllimlər üçün həvəsləndirici mexanizmlərin genişləndirilməsi və STEM ixtisaslarına marağın artırılması gələcəkdə bu problemin aradan qaldırılmasına kömək edə bilər.

Nigar Vüqarqızı