Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi…” barədə 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Postxronika.az xəbər verir ki, dəyişikliklər “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” 2024-cü il 7 noyabr tarixli 226 nömrəli fərmanın icrası ilə əlaqədardır.

Fərmana əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun tətbiqi barədə 382 nömrəli fərmanın 2.5-ci bəndinə və “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 15.2-ci bəndinə “Holdinqi” sözündən sonra “və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” sözləri əlavə edilir.

Bundan başqa, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavənin 4-cü hissəsinə “Holdinqinin” sözündən sonra “və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un)” sözləri əlavə olunub.

Fərmanla “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda da dəyişikliklər edilib. Belə ki, sənədin 2-ci hissəsində nömrələnmə yenilənib, yeni 2.2-ci bənd əlavə olunub. Həmin bəndə əsasən, Qaydanın 3.1-ci, 4.1-ci, 4.3-cü bəndlərində, 4.4–4.6-cı bəndlərinin birinci cümlələrində, 4.12-ci və 4.13-cü bəndlərində “dövlətə məxsus hüquqi şəxs” dedikdə AZCON-un idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri, publik hüquqi şəxslər, eləcə də həmin hüquqi şəxslərin təsisçisi və iştirakçısı olduğu hüquqi şəxslər nəzərdə tutulacaq. Eyni zamanda, 4.8-ci bəndə də AZCON-un bu hüquqi şəxslərə münasibətdə borcalma prosesində iştirakını nəzərdə tutan müddəa əlavə edilib.

Həmçinin “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın 2.1.1-ci yarımbəndinə yeni – 7-ci abzas əlavə olunub. Dəyişikliyə əsasən, AZCON-un idarəetməsinə verilmiş hüquqi şəxslər dövlət adından borclanma və zəmanət mexanizmlərində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi vasitəsilə təmsil olunacaq.

Fərmanla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə də dəyişiklik edilib. Belə ki, 3.0.4, 3.0.5, 3.0.8, 3.0.9 və 3.0.35-ci yarımbəndlərdə nəzərdə tutulan səlahiyyətlərin tətbiqinə “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla” qeydi əlavə olunub. Bu dəyişikliklərlə Prezidentin müəyyən etdiyi hallarda həmin səlahiyyətlərin icrası üçün istisna mexanizmi yaradılır.

Fərman 6 avqust 2026-cı il tarixindən qüvvəyə minib.