Bu ilin yanvar-iyun aylarında “Şahdəniz” yatağından 14 milyard kubmetr qaz hasil edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Postxronika.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin 2026-cı ilin ilk yarısı üzrə fəaliyyət hesabatında bildirilib.
Məlumata görə, hesabat dövründə kondensat hasilatı 6,2 faiz azalaraq təxminən 15 milyon barel təşkil edib. Hazırda yataqdakı qurğuların ümumi hasilat gücü gündəlik 76,8 milyon kubmetr, illik isə təxminən 28 milyard kubmetr qazdır.
Hesabata əsasən, “Şahdəniz” konsorsiumunun xərcləri bu ilin ilk altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz artaraq 2,106 milyard ABŞ dollarına çatıb. Əməliyyat xərcləri 8,7 faiz artaraq 1,394 milyard dollar, əsaslı xərclər isə 50,8 faiz yüksələrək 712 milyon dollar təşkil edib.
Bildirilib ki, əsaslı xərclərin böyük hissəsi “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində həyata keçirilən işlərə yönəldilib. Bu mərhələdə ümumilikdə 24 quyu qazılıb. Onlardan 5-i yatağın şimal, qərb, cənub-qərb və şimal-şərq cinahlarının hər birində, 4-ü isə cənub-şərq cinahında yerləşir.
Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı ildə imzalanıb. Layihədə BP (29,99 faiz), LUKOIL (19,99 faiz), Türkiyənin TPAO şirkəti (19 faiz), “Cənub Qaz Dəhlizi” QSC (16,02 faiz), İranın NICO şirkəti (10 faiz) və Macarıstanın MVM şirkəti (5 faiz) iştirak edir.