Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın regional və qlobal nəqliyyat-logistika sistemində rolunu daha da gücləndirir.
Postxronika.az xəbər verir ki, bunu politoloq Əfəndi İbrahimli açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri artıq yalnız yükdaşımalarının həyata keçirildiyi marşrutlar deyil, həm də dövlətlərin iqtisadi gücünü, geosiyasi çəkisini və regional təsir imkanlarını müəyyən edən strateji vasitələrdir. Bu baxımdan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz dünya ticarətinin ən perspektivli marşrutlarından birinə çevrilib.
Politoloq bildirib ki, Azərbaycan bu istiqamətdə uzun illərdir həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində regionun əsas tranzit mərkəzlərindən biri olub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, müasir avtomobil yolları, logistika mərkəzləri və rəqəmsal gömrük sistemləri ölkənin beynəlxalq yükdaşımalarındakı rolunu əhəmiyyətli dərəcədə artırıb.
Ə.İbrahimlinin sözlərinə görə, Xəzər dənizində gəmi donanmasının genişləndirilməsi, limanların ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal yükizləmə sistemlərinin tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini daha da yüksəldir.
O qeyd edib ki, Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla nəqliyyat-logistika sahəsində əməkdaşlığının genişlənməsi vahid regional nəqliyyat məkanının formalaşmasına xidmət edir. Bu əməkdaşlıq həm yükdaşımalarının həcmini artırır, həm də Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyat və logistika siyasəti nəticəsində Azərbaycan Orta Dəhlizin inkişafında əsas təşəbbüskarlardan birinə çevrilib. Onun fikrincə, ölkənin balanslaşdırılmış xarici siyasəti, müasir infrastrukturu və etibarlı tərəfdaş imici Azərbaycanın Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir.