Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi, bitki, heyvan və ictimai sağlamlıq sahələrində gələcəyin mütəxəssislərinin hazırlanmasına yönəlmiş "Vahid Sağlamlıq" Mentorluq Proqramına müraciət qəbuluna başlayıb.
Postxronika.az xəbər verir ki, 12 həftə davam edəcək proqrama müraciətlər 5–25 avqust tarixlərində qəbul olunur. Təlimlərin 15 sentyabr 2026-cı il tarixində başlaması nəzərdə tutulur.
Layihənin əsas məqsədi "Vahid Sağlamlıq" (One Health) yanaşmasını təşviq etmək, iştirakçıların nəzəri-praktiki biliklərini artırmaq və sahə üzrə ixtisaslı insan kapitalının formalaşmasına töhfə verməkdir. Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı istiqamətlərində təhsil alan şəxslər bu imkandan yararlana bilərlər.
Müsabiqədən keçən namizədlər AQTİ-nin rəhbər heyəti və aparıcı ekspertlərindən mentorluq dəstəyi alacaq, idarəçilik və elmi yanaşmalar üzrə praktiki təcrübə toplayacaqlar.
Seçim namizədlərin təhsil göstəriciləri və motivasiya məktublarının ilkin qiymətləndirilməsi, ardından isə müsahibə mərhələsi ilə aparılacaq. Ətraflı məlumat və müraciət üçün [https://afsi.gov.az/az/mentorship](https://afsi.gov.az/az/mentorship) keçidindən istifadə etmək mümkündür.