​Dövlət Sərhəd Xidməti (DSX) 2026-cı ilin iyul ayı ərzində dövlət sərhədinin mühafizəsi, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin yekunlarını açıqlayıb.

Postxronika.az qurumun rəsmi məlumatına istinadən xəbər verir ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 26 nəfər saxlanılıb. Onların 7-si Azərbaycan, 8-i Əfqanıstan, 4-ü Pakistan, 3-ü İran, 1-i Türkiyə, 1-i Livan, 1-i Rusiya və 1-i Nigeriya vətəndaşı olub.

​Qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində saxtalaşdırılmış sənədlərlə sərhədi keçməyə cəhd edən 9, sərhəd rejim qaydalarını pozan 44 nəfər tutulub. Cinayətkarlığa qarşı mübarizə nəticəsində axtarışda olan 330 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan edilən 797 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 31 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

​Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarla 105 kiloqrama yaxın narkotik vasitə, 64 litr narkotik məhlul və 3309 ədəd psixotrop həb dövriyyədən çıxarılıb. Narkotiklərin daşınması hallarından birində pilotsuz uçuş aparatından (PUA) istifadə edildiyi məlum olub.