Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişiklikləri təsdiqləyib.

Postxronika.az xəbər verir ki, qanuna əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın bazasında Media və Yayım Şurası yaradılıb. Yeni qurum Azərbaycanda media və yayım sahəsində səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək.

Prezidentin imzaladığı fərmanla Media və Yayım Şurasının strukturu da təsdiqlənib. Qurum Media və Yayım Şurasının Aparatından, o cümlədən şöbə və sektorlardan ibarət olacaq.

Qanunda qeyd olunur ki, vahid qurumun yaradılması və kollegial idarəetmə modelinin tətbiqi medianın müstəqilliyinin möhkəmləndirilməsinə, eləcə də quruma ictimai etimadın artırılmasına xidmət edəcək.

Media və Yayım Şurasının əsas səlahiyyətlərinə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, Media Reyestrinin aparılması, jurnalist vəsiqələrinin verilməsi, dezinformasiyaya qarşı mübarizə, media sahəsində innovasiyaların təşviqi və ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsi daxildir.

Bununla yanaşı, Şura media subyektlərinin qanunvericiliyin tələblərinə əməl etməsinə nəzarət edəcək, peşə etikası ilə bağlı araşdırmalar aparacaq, sosial reklamların sifarişini həyata keçirəcək və fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq tədbirlərdə iştirak edəcək.

Qanuna əsasən, Şuranın iclasları üzvlərinin yarıdan çoxunun iştirakı ilə səlahiyyətli hesab olunacaq, qərarlar isə sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici olacaq.