“PAŞA Holdinq”in korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirdiyi “Fərqindəlik” layihəsi çərçivəsində bu ilin avqust ayınadək ölkənin 46 rayonunda səyyar tibbi müayinələr təşkil olunub.

Postxronika.az xəbər verir ki, layihənin məqsədi əhalinin səhiyyə savadlılığının artırılması, profilaktik tibbi müayinələrin təşviqi və xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dəstək verməkdir.

Bildirilib ki, 2025-ci ildə start verilən layihə ilk üç mərhələdə 30 rayonu əhatə edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “All Medical” şirkəti, yerli klinikalar və icra strukturlarının əməkdaşlığı ilə keçirilən aksiyalar zamanı minlərlə vətəndaş tibbi müayinədən keçib.

Layihənin uğurlu nəticələri nəzərə alınaraq, 2026-cı ildə IV və V mərhələlər həyata keçirilib. Mart ayından etibarən təşkil olunan səyyar tibbi aksiyalar çərçivəsində daha 16 rayonda müayinələr aparılıb və layihənin əhatə dairəsi 46 rayona çatdırılıb.

Məlumata görə, müayinələr zamanı ilk dəfə şəkərli diabet aşkarlanan şəxslərə qlükometr hədiyyə olunub.

Qeyd edilib ki, layihə çərçivəsində növbəti səyyar tibbi aksiyalar bu həftə Cəlilabad və Neftçala rayonlarında keçiriləcək.

“PAŞA Holdinq” bildirib ki, layihə gələcək mərhələlərdə də davam etdiriləcək və profilaktik tibbi müayinələrin əlçatanlığının artırılması, erkən diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.