Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələri elan olunub.
Postxronika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, avqustun 4-də keçirilən imtahanda iştirak hüququ qazanan 827 abituriyentdən 189-u imtahana gəlməyib. İmtahanda iştirak edənlərdən 543 nəfər məqbul qiymət alıb.
Qeyd olunub ki, məqbul nəticə əldə edən abituriyentlər avqustun 12-19-da keçiriləcək ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə biləcəklər.
DİM-in məlumatına görə, bu il ilk dəfə jurnalistika üzrə qabiliyyət imtahanında inşa kompüter vasitəsilə elektron formada yazılıb. Bildirilib ki, yenilik abituriyentlərə mətnlərini daha rahat redaktə etmək və ayrılmış vaxtdan səmərəli istifadə etmək imkanı yaradıb, eyni zamanda qiymətləndirmə prosesini sürətləndirib.
Nəticələrlə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər avqustun 10 və 11-də saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi ilə DİM-in əsas inzibati binasına və ya regional bölmələrinə müraciət edərək ərizə təqdim edə bilərlər.