Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü ilə bağlı məmnunluq ifadə olunub. Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin paraflanması regionda münaqişəyə son qoyaraq sülhün möhkəmlənməsinə xidmət edib.

Prezident İlham Əliyev Vaşinqton sülh zirvəsinə ev sahibliyi etdiyinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa təşəkkürünü bildirib. ABŞ Prezidenti isə sülh prosesində İlham Əliyevin rolunu yüksək qiymətləndirib.

Söhbət zamanı ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, sülhə xələl gətirə biləcək hər hansı insidentin baş vermədiyi vurğulanıb.

Azərbaycanın neft məhsullarını Ermənistana ixrac etməsi, tranzit yüklərin Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınması və iki ölkə arasında ticarət əlaqələrinin başlaması müsbət hal kimi qiymətləndirilib.

Telefon danışığında TRIPP layihəsinin regional nəqliyyat əlaqələri baxımından əhəmiyyəti də qeyd olunub. Bildirilib ki, Azərbaycan ərazisində layihə çərçivəsində nəqliyyat infrastrukturu üzrə işlər başa çatmaq üzrədir. Ermənistan ərazisində isə TRIPP layihəsi üzrə işlərin yaxın vaxtlarda başlanacağına ümid ifadə olunub.

Dövlət başçıları Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri də müzakirə ediblər.

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib. Əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi və strateji xarakter daşıdığı vurğulanıb. Bunun regionda sülh və sabitliyə töhfə verdiyi qeyd olunub.

Prezident İlham Əliyev G20-yə dəvətə görə Donald Trampa təşəkkür edib və bunu ABŞ tərəfindən Azərbaycana göstərilən müsbət münasibətin ifadəsi kimi dəyərləndirib.

Telefon danışığının sonunda Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.