Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universiteti (AzTU) mühəndislik ixtisasları üzrə birgə kadr hazırlığı proqramına tələbə qəbulu elan edib.

Postxronika.az xəbər verir ki, proqram çərçivəsində regional sənayenin və əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mühəndis kadrların hazırlanması nəzərdə tutulur.

Birgə tədris proqramı I ixtisas qrupu üzrə iki ixtisası əhatə edir. Energetika mühəndisliyi üzrə 40, elektrik və elektronika mühəndisliyi üzrə isə 30 plan yeri ayrılıb.

Tədris modelinə əsasən, tələbələr üç il MDU-da, bir il isə AzTU-da təhsil alacaqlar. Təhsil müddətində tələbələr hər iki universitetin akademik və praktiki imkanlarından, o cümlədən laboratoriya bazasından yararlanacaqlar.

Proqram çərçivəsində nəzəri biliklərlə yanaşı, sənaye müəssisələrində praktiki bacarıqların formalaşdırılmasına da xüsusi diqqət yetiriləcək.