Avropa Kosmik Agentliyinin (ESA) Gaia missiyası 2,8 milyard astronomik mənbə haqqında məlumatları əhatə edən yeni məlumat kataloqunu açıqlamağa hazırlaşır.

Postxronika.az xəbər verir ki, ESA-nın məlumatına görə, Gaia-nın dördüncü məlumat buraxılışı (DR4) 2 dekabr 2026-cı ildə yayımlanacaq. Kataloqun həcminin təxminən 400 terabayt olacağı gözlənilir.

Yeni məlumat bazasında təxminən 2,8 milyard kosmik mənbə üzrə məlumat yer alacaq. Onlar arasında ulduzlar, qalaktikalar və digər astronomik obyektlər var. Ümumilikdə 142 milyard ayrı müşahidənin emal edilərək kataloqa daxil ediləcəyi bildirilir.

Gaia 2013-cü ildə kosmosda fəaliyyətə başlayıb və əsas məqsədi Süd Yolunun üçölçülü xəritəsini yaratmaq, ulduzların mövqelərini, məsafələrini və hərəkətlərini yüksək dəqiqliklə ölçməkdir. Kosmik aparatın elmi müşahidələri 2025-ci ilin yanvarında başa çatıb, lakin missiya çərçivəsində toplanan məlumatların emalı davam edir.

ESA bildirir ki, Gaia-nın yekun məlumat kataloqunun isə 2030-cu ildən əvvəl yayımlanması gözlənilmir.