Hörmüz boğazının gələcək statusu ilə bağlı İran və Oman arasında aparılan danışıqlarda mühüm mərhələyə keçilib.

Postxronika.az Reuters agentliyinə istinadən xəbər verir ki, İran Hörmüz boğazının açılması üçün ABŞ-dan hərbi əməliyyatlara son qoymasını, bölgədəki qüvvələrini geri çəkməsini və İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmasını tələb edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, ABŞ İranla və onun regiondakı müttəfiqləri ilə müharibəni tamamilə dayandırmalı, tətbiq olunan sanksiyaları aradan qaldırmalı və dondurulmuş İran aktivlərini qeyd-şərtsiz azad etməlidir. Tehran həmçinin müharibə nəticəsində dəymiş ziyanın kompensasiya edilməsini tələb edir.

İran xarici işlər naziri Abbas Əraqçi isə Omanla boğazda naviqasiya məsələsi üzrə razılaşmaya yaxın olduqlarını bildirib. Bununla belə, İranın mövqeyinə əsasən, təkcə Omanla əldə olunacaq razılaşma boğazın dərhal açılması üçün kifayət etməyəcək.

Oman tərəfi danışıqların konstruktiv atmosferdə davam etdiyini açıqlayıb. Hörmüz boğazından dünya neft və qaz ticarətinin mühüm hissəsinin keçməsi səbəbindən onun fəaliyyətində yaranan hər hansı məhdudiyyət qlobal enerji bazarlarına birbaşa təsir göstərir. 

Nigar Şirinova