Hörmüz boğazında kommersiya gəmilərinin təhlükəsizliyi ilə bağlı yeni insident regionda gərginliyi artırıb.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İranı dövlətə məxsus ADNOC şirkəti ilə əlaqəli gəmiyə Hörmüz boğazından keçərkən raketlə hücum etməkdə ittiham edib.
BƏƏ hadisəni pisləyərək gəmiçiliyin təhlükəsizliyinə qarşı hərəkətlərin qəbuledilməz olduğunu bildirib. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
ADNOC daha əvvəl müharibənin başlanmasından etibarən şirkətlə əlaqəli gəmilərin bir neçə dəfə raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qaldığını açıqlamışdı.
Reuters-in məlumatına görə, bu hadisələr Hörmüz boğazında gəmiçilik üçün risklərin ciddi şəkildə artdığını göstərir. Gəmilərin sığorta və daşınma xərclərinin yüksəlməsi isə enerji bazarına əlavə təzyiq yaradır.
Hadisə İran və Oman arasında boğazın açılması ilə bağlı danışıqların davam etdiyi vaxta təsadüf edib. Bu baxımdan yeni hücum diplomatik prosesin qarşısında duran əsas problemlərdən biri hesab olunur.
Atabəy Abbaszadə