Vaşinqton strateji su yolunda kommersiya gəmiçiliyinin bərpasına imkan verəcək razılaşmanın əldə olunacağına ümid edir.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ rəsmisi İran və Oman arasında Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini və razılaşmanın yaxın zamanda elan edilə biləcəyini bildirib.

Mümkün razılaşmanın əsas məqsədi kommersiya gəmilərinin boğazdan maneəsiz keçidini təmin etməkdir. ABŞ tərəfi razılaşmanın həyata keçirilməsi halında İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmağa hazır olduğunu bildirib.

Lakin Vaşinqtonun mövqeyinə görə, bu proses İranın üzərinə götürdüyü öhdəliklərin icrasından asılı olacaq.

Hörmüz boğazında normal gəmiçiliyin bərpası qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıyır. Çünki bölgədəki fasilələr neft və qaz tədarükünü məhdudlaşdıraraq qiymətlərin yüksəlməsinə səbəb olur.

Reuters qeyd edir ki, mümkün razılaşmanın əldə olunması yalnız diplomatik nəticə deyil, həm də qlobal iqtisadiyyat üçün mühüm hadisə ola bilər. 

Atabəy Abbaszadə