Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibədə qalib gəlməyəcəyini bildirib. O, Ukrayna ordusunun Donbasdan geri çəkilməyəcəyini vurğulayıb.

Postxronika.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

Ukrayna liderinin sözlərinə görə, Putin qələbə elan etmək üçün Donbası tam nəzarətə götürməlidir. Lakin Ukrayna bu ərazilərdən geri çəkilməyəcək, çünki Rusiyanın bundan sonra irəliləməyəcəyinə dair heç bir zəmanət yoxdur.

Zelenski müharibədən sonra Rusiyanın yenidən hücum edəcəyi təqdirdə Ukraynanın ABŞ-dən güclü təhlükəsizlik zəmanətləri alacağını da qeyd edib.

Müharibənin mümkün başa çatması ilə bağlı danışan Prezident hazırda hər iki tərəfin atəşkəsə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, müharibənin necə nəticələnəcəyini hazırda heç kim dəqiq bilmir.

Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların fevral ayında nəticəsiz başa çatdığı bildirilir. Buna səbəb tərəflərin Donbas məsələsində ortaq mövqeyə gələ bilməməsi olub.