Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Perunun aparıcı elektrik enerjisi istehsalçılarından biri olan “Inkia Energy” şirkətinə sərmayəsi Azərbaycan-Peru iqtisadi əlaqələrində yeni mərhələnin başlanğıcı ola bilər.
Postxronika.az xəbər verir ki, bu barədə Perunun “Larazon.pe” portalında dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, ARDNF dünyanın aparıcı infrastruktur investisiya şirkətlərindən biri olan “I Squared Capital” ilə tərəfdaşlıq çərçivəsində “Inkia Energy”yə investor kimi daxil olub.
Şirkət hidroenergetika, təbii qaz, günəş və külək enerjisi sahələrində fəaliyyət göstərir. “Inkia Energy”nin ümumi effektiv istehsal gücü 2,6 giqavatdır və şirkət Peru elektrik enerjisinin təxminən 22 faizini təmin edir. Bundan əlavə, şirkətin 4 giqavatdan çox inkişaf portfeli mövcuddur.
Müəllifin fikrincə, bu investisiya ARDNF-in portfelinin coğrafi baxımdan şaxələndirilməsi, dayanıqlı enerji və infrastruktur layihələrində iştirakının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Sərmayə Azərbaycanın Latın Amerikası bazarındakı mövqeyinin güclənməsinə də imkan yarada bilər.
Məqalədə bildirilib ki, investisiya gələcəkdə Peru şirkətlərinin Azərbaycan və Avrasiya bazarlarına çıxışına, eləcə də Azərbaycan sərmayələrinin Peruya cəlb olunmasına şərait yarada bilər. Bu baxımdan, ARDNF-in “Inkia Energy”yə investisiyası iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar aça bilər.