Almaniya Federal Polisi Leypsiq-Halle hava limanında baş verən dron insidentlərindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Postxronika.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Hava limanının müşahidə qüllələrindən birində mobil antidron sistemi quraşdırılıb. Sistem uzaq məsafədən pilotsuz uçuş aparatlarını aşkarlaya və izləyə bilən radarlarla təchiz olunub. Aeroportda, həmçinin dron aşkarlama texnologiyası və radiomaneələr quraşdırılacaq. Federal Polisin tutucu dronlarla təchiz edilmiş xüsusi antidron bölməsinin də ərazidə fəaliyyət göstərəcəyi bildirilib.

Qeyd edək ki, avqustun 5-də Leypsiq-Halle hava limanının yaxınlığında naməlum PUA aşkarlandıqdan sonra uçuşlar dayandırılıb və bir sıra təyyarələr digər hava limanlarına yönləndirilib.

Daha sonra aeroport ərazisində əldəqayırma partlayıcı qurğu daşıdığı ehtimal edilən dron aşkarlanıb. Hadisə ilə bağlı aparılan araşdırma zamanı cihazın üzərində detonator tapılıb.

Bundan başqa, hava limanında enişi dayandıran yük təyyarəsinin daha sonra ikinci PUA ilə toqquşduğu bildirilib. Təyyarə Hannoverə məcburi eniş edib və hadisə nəticəsində ona cüzi ziyan dəyib.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt hadisəni “hibrid hücum ssenarisi” kimi qiymətləndirib və insidentin arxasında xarici dövlətlərin dayanması ehtimalını istisna etməyib. Almaniya Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmanı öz üzərinə götürüb.