Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artım deməkdir. Eyni dövrdə neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 1,5 faizlik artım qeydə alınıb.
Rəqəmlərin strukturuna baxdıqda Azərbaycan iqtisadiyyatının yalnız bir sahədən ibarət olmadığını görmək mümkündür. ÜDM-in 34,6 faizi sənayenin, 10,6 faizi ticarətin, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatının, 5,9 faizi kənd təsərrüfatının, 4,9 faizi tikintinin, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2 faizi isə informasiya və rabitənin payına düşüb.
Ən yüksək artım nəqliyyat və anbar təsərrüfatında – 8 faiz, informasiya və rabitədə – 7,5 faiz olub. Bu göstəricilər iqtisadiyyatın gələcək inkişafında logistika, texnologiya və xidmət sektorlarının rolunun artdığını göstərir.
İqtisadçı Elşən Bağırzadənin yanaşması baxımından məsələnin əsas tərəfi yalnız iqtisadi artımın həcmi deyil, artımın hansı sahələr hesabına formalaşmasıdır. Qeyri-neft sektorunun genişlənməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm göstəricidir.
Atabəy Abbaszadə