Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) kosmetoloji fəaliyyətlə məşğul olan fərdi sahibkar Elnarə Canlının fəaliyyəti ilə bağlı bir neçə dəfə araşdırma və plandankənar yoxlama aparıb.
Postxronika.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, yoxlamalar vətəndaş müraciətləri və mediada yayılan məlumatlar əsasında həyata keçirilib. Araşdırmalar zamanı Elnarə Canlının lisenziya tələb olunan özəl tibbi fəaliyyəti, o cümlədən kosmetoloji fəaliyyəti müvafiq lisenziya olmadan həyata keçirdiyi müəyyən edilib.
İlk plandankənar yoxlama 8 may 2025-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 2 ünvanında keçirilib. Aşkar edilmiş pozuntu ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Eyni şəxsin fəaliyyəti ilə bağlı daha iki plandankənar yoxlama da keçirilib. Yoxlamalar nəticəsində inzibati məsuliyyət yaradan pozuntular müəyyənləşdirilib və 22 dekabr 2025-ci il və 20 fevral 2026-cı il tarixlərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə protokollar tərtib olunaraq növbəti icraata göndərilib.
AEM-in məlumatına görə, sonuncu yoxlama zamanı fərdi sahibkarın fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 79, mənzil 8 olub.
Yoxlamalar və tətbiq edilmiş inzibati tədbirlərə baxmayaraq, lisenziya olmadan kosmetoloji fəaliyyətin davam etdirildiyi müəyyən edilib. Bununla əlaqədar fəaliyyətin dayandırılması istiqamətində əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi 13 mart 2026-cı ildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Nazirlik müraciətində lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma faktına hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edib.
AEM həmçinin vətəndaşların özəl tibb müəssisələri və apteklərdə qanunsuz fəaliyyət, şikayət və digər pozuntularla bağlı quruma müraciət edə biləcəyini bildirib.