Azərbaycan muzeylərində ziyarətçilərin təcrübəsini zənginləşdirmək məqsədilə virtual reallıq (VR), artırılmış reallıq (AR), 360 dərəcəlik turlar və süni intellekt texnologiyalarının tətbiqi planlaşdırılır.

Postxronika.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Fuad Maqsudov bildirib.

Onun sözlərinə görə, yaxın illərdə müasir rəqəmsal həllər muzey, qalereya və sərgilərdə mədəni irsin təqdimat imkanlarının genişləndirilməsi üçün istifadə olunacaq. Bu məqsədlə beynəlxalq təcrübə öyrənilir, texnologiyaların tətbiqi mexanizmləri hazırlanır və zəruri texniki infrastruktur formalaşdırılır.

Bununla yanaşı, muzey fondlarının rəqəmsallaşdırılması prosesi də davam etdirilir. “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində eksponatların rəqəmsal formatda təqdim edilməsi, onlar barədə məlumatların sistemləşdirilməsi və vahid informasiya resursunda birləşdirilməsi istiqamətində iş aparılır.

Muzey, qalereya və sərgilərdə nümayiş olunan eksponatların QR kodlarla təchiz edilməsi də nəzərdə tutulur.