Bakıda ötən il itkin düşən 1954-cü il təvəllüdlü Lyudmila Timofeyevanın qəsdən öldürüldüyü müəyyən edilib.

Postxronika.az xəbər verir ki, fakt Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində üzə çıxarılıb.

İstintaq zamanı 1994-cü il təvəllüdlü Elnur Məmmədovun 2025-ci ilin iyulunda Şüvəlan qəsəbəsində birgə yaşadıqları evdə anası ilə mübahisə etdiyi və ona çoxsaylı zərbələr endirdiyi müəyyən edilib. Qadının aldığı ağır xəsarətlər nəticəsində öldüyü, daha sonra isə meyitinin evin həyətində basdırıldığı bildirilir.

Hadisə yerində aparılan qazıntı zamanı insan skeleti aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Elnur Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub.

Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.