Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdış prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və dayanıqlı qayıdışı mərhələli şəkildə davam etdirilir. Məskunlaşdırma yaşayış məntəqələri tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar əsasında həyata keçirilir.
Məlumata görə, bəzi şəxslər şəxsi tələblərinin qanunvericilik çərçivəsində təmin edilməsinin mümkün olmaması səbəbindən müxtəlif internet resurslarında Böyük Qayıdış prosesinin gedişi və qurumun fəaliyyəti ilə bağlı qərəzli paylaşımlar edirlər.
Qeyd olunub ki, sosial şəbəkələrdə çıxış edən Nuranə Abdullayeva Ağdam şəhərində vəfat etmiş atasına məxsus olmuş yaşayış evinin əvəzinə yeni tikilən binalardan mənzil verilməsini, həmçinin yaşayış sahəsi ayrılmadığı halda Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını tələb edib. Araşdırma zamanı onun məcburi köçkün statusu olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyənləşdirilib və tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın olmadığı izah edilib.
Komitədən həmçinin Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatda olan keçmiş məcburi köçkün İntiqam Türbəndəyevin Xanyurdu kəndinə köçürülməsi ilə bağlı paylaşımına münasibət bildirilib. Məlumata əsasən, o, Komitənin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edilib və ailə tərkibinə uyğun olaraq 3 otaqlı fərdi evə köçürüləcəyi bildirilib. Lakin müraciət müəllifi 5 otaqlı evin ona verilməsini tələb edib.
Vurğulanıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz.
Qurum tərəfindən dövlət orqanlarının fəaliyyəti barədə məlumatların yayılması zamanı rəsmi mövqenin öyrənilməsinin, faktların tam və obyektiv təqdim olunmasının vacibliyini qeyd edilib.
Həmçinin bildirilib ki, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər.