Reproduktiv sağlamlıq yalnız hamiləlik, doğuş və sonsuzluq məsələləri ilə məhdudlaşmır. Hormonal balans, həyat tərzi, immun sisteminin fəaliyyəti, ətraf mühit amilləri və metabolik proseslər də reproduktiv sağlamlığın formalaşmasında mühüm rol oynayır.
Postxronika.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının mama-ginekoloqu Afət Ərəbova reproduktiv sağlamlığa müasir tibbi baxış, bu sahədə geniş yayılmış yanlış təsəvvürlər və gələcəkdə reproduktiv sağlamlığın inkişafı ilə bağlı açıqlamalar verib.
Mütəxəssisin sözlərinə görə, reproduktiv sağlamlıq bütün ömür boyu davam edən ümumi sağlamlıq göstəricisi kimi qiymətləndirilir. Menstrual tsiklin pozulması yalnız ginekoloji problemlə deyil, qalxanabənzər vəzin disfunksiyası, xroniki stress və metabolik pozğunluqlarla da əlaqəli ola bilər.
Afət Ərəbova qeyd edib ki, stress, yuxu rejimi, qidalanma və metabolik balans hormonal sistemə təsir göstərir. Xroniki stress reproduktiv hormonların ifrazını azalda, ovulyasiyanı gecikdirə, insulin rezistentliyi isə yumurtalıq funksiyasını poza bilər.
Mütəxəssis reproduktiv sağlamlıqda həyat tərzinin də mühüm rol oynadığını bildirib. Dəmir, sink, fol turşusu və D vitamini kimi mikroelement və vitaminlərin uzunmüddətli çatışmazlığının reproduktiv potensiala mənfi təsir göstərə biləcəyi vurğulanıb.
Sonsuzluqla bağlı yanlış təsəvvürlərə toxunan mama-ginekoloq reproduktiv qabiliyyətin müəyyən yaşda birdən-birə deyil, tədricən azaldığını qeyd edib. O, menstrual tsiklin nizamlı olmasının hər zaman ovulyasiyanın normal olduğu anlamına gəlmədiyini, sonsuzluğun yalnız qadınla əlaqələndirilməsinin də yanlış olduğunu bildirib.
Həmçinin qorunma üsullarının uzunmüddətli istifadəsinin sonsuzluğa səbəb olması fikrinin elmi əsası olmadığı bildirilib. Bəzi hallarda isə hormonal, genetik və ya anatomik səbəblər tibbi müdaxilə tələb edə bilər.
Afət Ərəbovanın sözlərinə görə, gələcəkdə reproduktiv sağlamlıq daha çox fərdiləşdirilmiş və qabaqlayıcı yanaşma üzərində qurulacaq. Hormonal izləmə sistemləri, genetik analizlər, metabolik göstəricilər, rəqəmsal sağlamlıq texnologiyaları və süni intellekt risklərin daha erkən müəyyənləşdirilməsinə imkan verə bilər.