Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli məhsulların dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Postxronika.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, operativ vergi nəzarəti tədbirləri zamanı külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin satışının həyata keçirilməsi və satış məqsədilə saxlanması faktları aşkarlanıb.
Belə ki, Kəngərli rayonunun Qarabağlar kəndində Sahil Arif oğlu Murtuzayevə məxsus anbarda saxta aksiz markası ilə markalanmış külli miqdarda alkoqollu içkilər aşkar edilib. Müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb.
Faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırma aparılır. Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.