Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün kəsim yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir.
Postxronika.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kəsim məntəqələrində “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələr olmalıdır.
Bildirilib ki, kəsimdən əvvəl heyvanlar baytarlıq müayinəsindən keçirilməli, xəstəlik əlamətləri və ya xəstəlik şübhəsi olan heyvanların kəsiminə yol verilməməlidir.
Kəsim zamanı sanitariya-gigiyena qaydalarına ciddi əməl edilməli, istifadə olunan avadanlıq və iş alətləri mütəmadi təmizlənməli və dezinfeksiya edilməlidir.
Kəsimdən sonra əldə olunan ət baytarlıq-sanitariya ekspertizasından keçirilməli, istehlak üçün yararlı olduğu müəyyən edildikdən sonra müvafiq qaydada soyudulmalı, saxlanılmalı və daşınmalıdır.
Qeyd olunub ki, bu tələblərə əməl edilməsi heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin və istehlakçıların sağlamlığının qorunmasına xidmət edir.