Avqustun 20–27-də Kosovonun Priştina şəhərində ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək. Azərbaycan yarışda 11 atletlə təmsil olunacaq.

Postxronika.az Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, AAF-ın vitse-prezidenti Firdovsi Umudov Avropa birinciliyinə yollanacaq heyət üzvləri ilə görüşüb. O, idmançılara yarışda uğurlar arzulayıb və hər birindən layiqli mübarizə gözlədiyini bildirib.

Firdovsi Umudov qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən idmanın, xüsusilə yeniyetmə atletlərin inkişafına xüsusi diqqət göstərilir. Gənclər və İdman Nazirliyi və AAF tərəfindən hazırlıq dövründə komandaya bütün zəruri şərait yaradılıb.

Bildirilib ki, Azərbaycan yığmasının heyətində 8 oğlan və 3 qız atlet yer alıb. Qızların yarışında Şəbnəm Həsənzadə, Nuray Əbilova və Hənifə Məhərrəmli, oğlanların yarışında isə Məhəmməd Rüstəmli, İsa Hüseynov, Musab Məmmədtağıyev, Kamran Xappayev, Lətif Əliyev, Əbdulhüseyn Hüseynov, Fəxrəddin Allahverdiyev və Elcan Əliyev mübarizə aparacaqlar.

Komandanı baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramov hazırlayıblar. Yarışda Azərbaycanı hakimlər Kənan Mustafayev və Səbinə Rzayeva da təmsil edəcəklər.