Rusiya-Ukrayna müharibəsində tərəflərin hərbi obyektlərlə yanaşı, enerji və iqtisadi infrastrukturu hədəfə alması qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya ərazisində iqtisadi obyektlərə zərbələr endirməklə “Pandoranın qutusunu açdığını” bildirib.

Putin qeyd edib ki, Rusiya Ukraynanın “ən həssas iqtisadi sektorlarını” hədəfə almaqla cavab verəcək. Ukrayna son aylarda Rusiya neft emalı zavodlarına, anbarlarına və digər iqtisadi infrastruktura dron hücumlarını artırıb.

Rusiya isə öz növbəsində Ukraynanın taxıl ixracı ilə bağlı infrastrukturlarına zərbələr endirib. Moskva bunun qlobal ərzaq çatışmazlığına səbəb olmayacağını və Rusiya məhsullarının Ukrayna ixracındakı mümkün boşluğu kompensasiya edə biləcəyini bildirir.

Putin eyni zamanda Moskvanın sülh danışıqlarına açıq olduğunu, lakin danışıqların “yerdəki reallıqlar” əsasında aparılmalı olduğunu vurğulayıb.

Atabəy Abbaszadə