Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət prosesinə yaxın vaxtlarda başlayacağını açıqlayıb. O, bunu hökumətin 2026–2031-ci illər üzrə proqramını parlamentə təqdim edərkən bildirib.
Postxronika.az TASS agentliyinə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, rəsmi müraciət Aİ-yə inteqrasiya ilə bağlı yol xəritəsinin hazırlanması və referendum məsələsinin müzakirəsi üçün mühüm mərhələ olacaq. Baş nazir qeyd edib ki, bu prosesin başlaması üçün əvvəlcə Aİ-yə üzvlük barədə rəsmi müraciət edilməlidir.
Ermənistan parlamenti 26 mart 2025-ci ildə ölkənin Aİ-yə üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Aİ-yə inteqrasiyanın Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığının dayandırılmasına və bu çərçivədə əldə etdiyi imtiyazları itirməsinə səbəb ola biləcəyini bildirib.
Mayın 29-da Astanada keçirilən Aİİ sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın Aİ-yə qoşulması və ya Aİİ-də qalması məsələsi ilə bağlı ümumxalq referendumunun keçirilməsinin vacibliyini vurğulayıblar.
Avqustun 11-də isə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a açıqlamasında Ermənistanın bu məsələ ilə bağlı referendum keçirib-keçirməyəcəyi barədə qərarı 2026-cı ilin dekabrına qədər verməli olduğunu deyib. Onun sözlərinə görə, İrəvanın bundan sonrakı mümkün addımları həmin ay Aİİ dövlət başçılarının görüşündə müzakirə oluna bilər.