Avropa Komissiyasının sədri Ursula fon der Lyayen geosiyasi gərginliyin artdığı bir şəraitdə müttəfiqlərlə əlaqələri gücləndirmək məqsədilə Kanadanın Avropa İttifaqının ilk "assosiativ üzvü" olması təklifi ilə çıxış edib. Avropa Parlamentində çıxış edən qurum rəhbəri bu addımın Kanada Baş naziri Mark Karni ilə birlikdə demokratiya, iqlim, müdafiə və təchizat zənciri sahələrində tərəfdaşlığı yeni səviyyəyə qaldıracağını vurğulayıb.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, təşəbbüs Rusiya təhlükəsi, habelə ABŞ və Çinin iqtisadi təzyiqləri fonunda alyansın qlobal mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Lakin təklifin hüquqi mexanizmi Aİ-yə üzv dövlətlər tərəfindən hələlik tam aydın qarşılanmayıb və diplomatlar bu ideyanın icrasına şübhə ilə yanaşırlar.

Eyni zamanda, Avropa diplomatiyası təşəbbüsün hüquqi əsaslarının olmaması və ilkin razılaşmanın çatışmazlığı ucbatından qərarın reallaşmasını çətin hesab edir. Ekspertlər bildirirlər ki, rəsmi Brüssel və Ottava arasında ticarət, rəqəmsal təhlükəsizlik və Arktika üzrə praktiki əməkdaşlıq dərinləşsə də, assosiativ statusun verilməsi üçün Aİ daxilində konsensus tələb olunacaq.

Rəşad Hüseuynov