Dünyanın ən böyük enerji idxalçılarından biri olan Hindistan dörd il ərzində Ukrayna müharibəsindən sonra Qərb bazarlarından çıxarılan Rusiya xam neftini cəlbedici endirimlərlə alaraq öz emal müəssisələrini bol resursla təmin etsə də, bu sərfəli sövdələşmə artıq böyük təhlükəyə çevrilir. ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa Moskvaya kəskin sanksiyalar tətbiq etmək, həmçinin Rusiya neft-qazını alan ölkələrə 100%-ə qədər rüsum qoymaq üçün geniş səlahiyyətlər verən qanun layihəsini qəbul edərək imzalanması üçün Ağ Evə təqdim edib.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Nyu-Dehli 2026-cı maliyyə ilində 40,8 milyard dollar dəyərində xam neft alaraq idxalının 30,3%-ni Rusiyanın hesabına qarşılayıb və təkcə iyul ayında bu pay yarıdan çoxu təşkil etməklə BƏƏ, Səudiyyə Ərəbistanı və ABŞ daxil olmaqla altı ölkənin birgə tədarükünü üstələyib. "Enerji və Təmiz Hava üzrə Araşdırma Mərkəzi"nin (CREA) məlumatına görə, 2022-ci ilin dekabrından 2026-cı ilin avqustuna qədər Rusiyanın xam neft ixracının yarısı Çinin, 37%-i isə Hindistanın payına düşdüyü üçün hər iki dövlət Vaşinqtonun bu gözlənilən təzyiq mexanizmləri qarşısında ən böyük risk qrupuna daxildir.

Hindistanlı ekspertlər bu qanun layihəsini ölkəyə birtərəfli ticarət sazişləri qəbul etdirmək üçün təhlükəli cəhd adlandıraraq, xam neftin müharibəni maliyyələşdirmək məqsədilə deyil, 1,4 milyardlıq əhalini əlverişli enerji ilə təmin etmək və qlobal qiymətləri sabitləşdirmək üçün alındığını bəyan edirlər. Bununla belə, artıq Rusiya neftindəki böyük endirimlərin aradan qalxması, logistika, sığorta və sanksiya risklərinin artması fonunda amerikalı senator Riçard Blumental Çin və Hindistana açıq xəbərdarlıq edərək neft-qazı başqa mənbələrdən almağı tövsiyə edib.

Rəşad Hüseyniov