Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazında husilərin irəliləməsi ilə neft ixracı və dəniz daşımalarının təhlükə altına düşməsindən narahat olaraq Pekinə müraciət etməsindən sonra Çin gizli şəkildə Tehrandan Yəməndəki bu qruplaşmanı cilovlamağa kömək etməsini istəyib.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, məsələdən xəbərdar olan üç iranlı mənbənin məlumatına görə, Pekin rəsmi şəkildə dialoq və təhlükəsiz gəmiçiliyin bərpasına çağırış etsə də, pərdəarxası mesajında Tehranın öz təsir gücündən istifadə edərək münaqişənin Çinin asılı olduğu enerji marşrutlarına yayılmasının qarşısını almasını tələb edib. Lakin xarici işlər naziri Abbas Araqçinin Çinə səfəri fonunda müzakirələrin təfərrüatı açıqlanmasa da, Tehran cavabında bölgədəki sabitliyin ABŞ və İsrailin İrana qarşı müharibəsini dayandırmasından asılı olduğunu bildirib.

Mənbələr Pekinin Tehrana qarşı heç bir iqtisadi təzyiq hədəsi irəli sürmədiyini qeyd etsələr də, Çin Xarici İşlər Nazirliyi "Reuters"in sorğusuna cavab olaraq gərginliyin Yəmən və Qırmızı dənizə yayılmasını istəmədiklərini və regional qeyri-sabitliyin heç kimin maraqlarına uyğun gəlmədiyini bəyan edib. Nazirlik dialoq çağırışını təkrar edərək bütün ölkələrin suverenliyinə hörmət olunmasının, hayati əhəmiyyətli obyektlərin hədəf alınmamasının və vəziyyəti mürəkkəbləşdirən addımlara son qoyulmasının vacibliyini vurğulayıb.

Rəşad Hüseynov