ABŞ və Çinin hökmranlıq etdiyi qlobal müstəvidə Kanada və Avropa öz bazarlarını, demokratiyalarını və qanunun aliliyini qorumaq üçün sıx tərəfdaşlıq etməlidirlər. Bu fikirləri Strasburqda Avropa Parlamentində çıxış edən Kanadanın Baş naziri Mark Karni, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Monreala Aİ-nin ilk "assosiativ üzvü" olmaq statusunu təklif etməsindən sonra səsləndirib.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, parlamentdə gurultulu alqışlarla qarşılanan Baş nazir bu bəyanatı ABŞ Prezidenti Donald Trampın Brüssellə Ottava arasında yeni statusun yaradılması təşəbbüsünə qarşı ticarət sanksiyaları tətbiq edəcəyi ilə hədələməsindən bir neçə saat sonra verib. Karni çıxışında "assosiativ üzv" ifadəsini birbaşa işlətməsə də, fon der Lyayenin təklifindəki iddialı yanaşmanı yüksək qiymətləndirərək Kanada və Avropanın ayrı-ayrılıqda güclü olduğunu, lakin birlikdə daha böyük nüfuza sahib olacaqlarını vurğulayıb.


Pekin və Vaşinqtonla rəqabət aparacaq üçüncü bir güc bloku formalaşdırmağa çalışmadığını zarafatla qeyd edən Karni, əsas məqsədin başqalarına hökmranlıq etmək olmadığını diqqətə çatdırıb. Şimali Amerika dövlətinin rəhbəri əlavə edib ki, əsas hədəf heç bir xarici qüvvənin onların açıq bazarlarına nəzarət edə bilməməsi, suverenliyinə, ərazi bütövlüyünə, azadlıqlarına və hüquqi dövlət quruluşuna təhdid törədə bilməməsi üçün lazımi dözümlülük və dayanıqlılığı təmin etməkdir.

Rəşad Hüseynov