Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına təqdim edilən yeni hesabatda ABŞ-ın İranda azı 177 mülki şəxsin ölümü ilə nəticələnən iki raket zərbəsi zamanı müharibə cinayətləri törətdiyini düşünmək üçün əsaslı səbəblərin olduğu bildirilib. Fevralın 28-də cənubdakı Minab şəhərində 120-si uşaq olmaqla 156 nəfərin həlak olduğu ibtidai məktəbə endirilən "Tomahawk" zərbəsinin və Lamerd şəhərində 21 mülki sakinin ölümünə yol açan idman kompleksinə atılan "PrSM" raketlərinin fərq qoyulmadan həyata keçirilən hücumlar olduğu vurğulanıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, müstəqil ekspertlər hər iki obyektin aydın seçildiyini və hərbi məqsədlərlə istifadə edilmədiyini qeyd edərək, xüsusilə məktəbin dolayı ziyan nəticəsində deyil, birbaşa hədəf alındığını müəyyən ediblər. Ağ Ev və Müdafiə Nazirliyi mülki hədəflərin nişana alınmadığını bildirərək hesabatı etibarsız saydıqlarını bəyan etsələr də, hərbi ekspertlər regionda bu tip raket sistemlərinə yalnız Vaşinqtonun sahib olduğunu xatırladırlar.
Sənəddə həmçinin İran hakimiyyətinin yanvar ayında ölkənin bütün 31 əyalətini əhatə edən kütləvi etirazları yatırarkən təhlükəsizlik qüvvələri vasitəsilə insanlığa qarşı cinayətlər və misli görünməmiş qətliamlar törətdiyi vurğulanır. Tehran rəhbərliyi isə sənədlə bağlı hələlik rəsmi açıqlama verməsə də, analoji insan hüquqları pozuntuları iddialarını əvvəllər dəfələrlə rədd edib.
Rəşad Hüseynov