Prezident Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanına dünyanın ən qabaqcıl radardan yayınan ("stealth") texnologiyasına malik təxminən 50 ədəd F-35 döyüş təyyarəsinin satışını rəsmən açıqlayıb. Vaşinqtonun uzun illər davam edən qadağadan sonra qəbul etdiyi bu tarixi qərar ABŞ silahlarının ən böyük alıcısı olan Ər-Riyadla ümumi dəyəri 24 milyard dollar (17,8 milyard funt-sterlinq) təşkil edən sazişin imzalanmasını nəzərdə tutur.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, əvvəllər bu tədarükə qarşı çıxılmasının əsas səbəbi İsrailin regiondakı hərbi üstünlüyünün qanunvericiliklə qorunması və bu tipli qırıcıların yalnız müttəfiq tel-əvivə verilməsi idi. Ağ Evin siyasətindəki bu kəskin dönüş Konqresdə ciddi narahatlıq doğurub və qanunvericilərin sövdələşməni nəzərdən keçirmək və ya qarşısını almaq üçün 30 gün vaxtı var.
Demokrat konqresmen Raca Krişnamurti və bir sıra amerikalı müdafiə rəsmiləri satışa açıq şəkildə qarşı çıxaraq, ABŞ-ın ən qiymətli hərbi texnologiyasının Çin Kommunist Partiyasının əlinə keçmək riski barədə xəbərdarlıq ediblər. Bununla belə, Konqresdəki kəskin etirazlara və geosiyasi risklərə baxmayaraq, rəsmi Vaşinqton müqavilənin icrası istiqamətində addımlar atmaqda davam edir.
Rəşad Hüseynov