Hindistanın Baş naziri Narendra Modi mühüm regional seçkilər ərəfəsində daxili yanacaq qiymətlərini artırmamaq və eyni zamanda ABŞ-ın tətbiq edə biləcəyi 100%-dək gömrük rüsumlarından yayınmaq üçün mürəkkəb iqtisadi dilemma ilə üz-üzə qalıb. Nyu-Dehli ABŞ Konqresinin Rusiya xam neftini böyük həcmdə alan ölkələrə qarşı hazırladığı qanun layihəsinə qeyri-adi dərəcədə sərt reaksiya verərək, Vaşinqtonun bu addımının ikitərəfli əlaqələrə zərbə vuracağını və qlobal enerji bazarlarında ciddi pozuntular yaradacağını bəyan edib.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, Ukrayna müharibəsindən sonra cəlbedici endirimlərlə Hindistana milyardlarla dollar qənaət qazandıran Rusiya neft ticarəti artıq ölkənin əsas ixrac bazarı olan Birləşmiş Ştatlarla daha geniş strateji maraqlarının toqquşmasına gətirib çıxarır. Hindistan Xarici İşlər Nazirliyi müxtəlif mənbələrdən alış-veriş edərək 1,4 milyardlıq əhalinin enerji təhlükəsizliyini təmin edəcəyini vurğulasa da, Prezident Donald Tramp administrasiyası ilə yaşanan bu son gərginlik ticarət sazişi danışıqlarını daha da ləngidir.

Mənbələr Yeni Dehlinin Vaşinqtonla razılaşma ümidlərini tam üzmədiyini və N.Modinin dekabrda G20 sammiti çərçivəsində ABŞ-a səfəri zamanı D.Trampla görüşərək irəliləyiş əldə etməyə çalışacağını bildirirlər. Bununla belə, Böyük Britaniya ilə analoji saziş imzalayan, Avropa İttifaqı ilə danışıqları yekunlaşdıran və Kanada ilə sazişi ilin sonunadək tamamlamağı hədəfləyən Hindistan, amerikalıların əlavə rüsumları ixraca zərər vuracağı təqdirdə digər qlobal tərəfdaşlara daha çox bel bağlamaq məcburiyyətində qalacaq.

Rəşad Hüseynov