Rusiya Prezidenti Vladimir Putinin yüksək səviyyəli iqtisadi təmsilçisi Kirill Dmitriyev və Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədrləri Alis Vaydel ilə Tino Xrupalla Avropanın ən böyük iqtisadiyyatına təbii qaz tədarükünün bərpasını müzakirə etmək üçün gələn ilin martında keçirilməsi planlaşdırılan görüşün hazırlıqlarına başlayıblar.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, təşkilatçılar İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ya Hindistanda baş tutması nəzərdə tutulan sammitin yalnız Moskva ilə Kiyev arasında sülh sazişi əldə olunduqdan sonra reallaşacağını və tədbirin Rusiya, AfD ilə yanaşı ABŞ nümayəndələrini də bir araya gətirəcəyini ümid edirlər. Müzakirələrdə Rusiyanın "Şimal Axını" ("Nord Stream") kəmərlərinin yenidən istifadəyə verilməsi məsələsinin də yer alacağı gözlənilsə də, Vaşinqtonun yüksəkrütbəli rəsmisi amerikalı təmsilçilər Stiv Vitkoff və Cared Kuşnerin bu görüşdən xəbərsiz olduqlarını və dəvət almadıqlarını bəyan edib.

Sanksiyalardan əvvəl Almaniyanın xam neft idxalının üçdə birini, təbii qaz təminatının isə yarıdan çoxunu qarşılayan Rusiya ilə əlaqələri müdafiə edən A.Vaydel iyun ayında verdiyi müsahibədə iqtisadiyyatı canlandırmaq üçün energetika boykotuna son qoyulmasını tələb etmişdi. AfD hakimiyyətdə təmsil olunmadığı üçün bu danışıqlar daha çox simvolik mahiyyət daşısa da, hazırlıqlar Almaniyanın siyasi sistemindəki kövrəkliyi və ifrat sağçıların seçici rəğbətini qazanması fonunda ənənəvi partiyaların blokada siyasətinin sınağa çəkildiyini nümayiş etdirir.

Rəşad Hüseynov