İranın dəstəklədiyi husilər ilə Səudiyyə Ərəbistanının müdafiə etdiyi hökumət qüvvələri arasında 2022-ci il atəşkəsindən sonra nisbətən səngiyən münaqişə Tehran və Vaşinqton arasındakı genişmiqyaslı qarşıdurmanın təsiri ilə yenidən alovlanaraq kütləvi humanitar böhrana yol açıb. Dəhşətli raket və aviazərbələrdən qaçaraq Əl-Birin sığınacağına üz tutan Raviya Həsənin ailəsi kimi on minlərlə mülki sakin evlərini, heyvanlarını və əşyalarını geridə qoyaraq ayaqyalın şəkildə canlarını qurtarmağa məcbur olublar.
"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, husilərin strateji Moxa liman şəhərini və Qırmızı dəniz sahilinin cənub hissəsini sürətlə ələ keçirməsindən sonra hökumətin nəzarətindəki ərazilərə və dəniz vasitəsilə Cibutiyə sığınan məcburi köçkünlərin sayı 115 min nəfərə çatıb. Humanitar təşkilatların məlumatına görə, illər əvvəl döyüşlər səbəbindən öz kəndlərini tərk etmiş minlərlə ailə müharibənin yenidən düşərgələrə çatması ilə ikinci və ya üçüncü dəfə hər şeylərini itirərək qaçqın düşüblər.
Əl-Kadha rayonundakı düşərgələri bombardmana məruz qalan köçkünlər başları üzərində uçan döyüş təyyarələri və dronların atəşi altında yeməksiz, susuz və geyimsiz qaldıqlarını bildirirlər. Taiz əyalətinin dik dağətəyi ərazilərində əlaltı vasitələrlə sığınacaq quran yəmənlilər şiddətlənən hərbi əməliyyatların mülki əhalini tamamilə çarəsiz vəziyyətə saldığını vurğulayırlar.
Rəşad Hüseynov