Putin Ukraynada “əbədi sülh” istədiyini bəyan edib
RH
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya “əbədi sülh” arzuladığını bildirib. Bununla belə, Moskva hərtərəfli atəşkəs ideyasını qəbul etmir və sülh danışıqları üçün öz şərtlərini irəli sürür.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, ABŞ nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə aparılan danışıqlardan sonra Kreml sülhün əldə olunması üçün “bölünməz təhlükəsizlik və sülhün yeni, uzunmüddətli arxitekturası”nın qurulmasını əsas şərt kimi irəli sürüb.
Bu yanaşma Rusiyanın Avropanın təhlükəsizlik sisteminin öz maraqlarına uyğun yenidən formalaşdırılmasına dair mövqeyini əks etdirir. Kreml 2021-ci ilin dekabrında ABŞ və NATO-ya təqdim etdiyi mübahisəli “müqavilə layihələri”ni yenidən gündəmə gətirib.
Həmin sənədlərdə Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməməsinə dair zəmanət verilməsi, eləcə də alyansın hərbi infrastrukturunun Mərkəzi və Şərqi Avropa ölkələrindən çıxarılması tələb olunurdu.