Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazı yaxınlığındakı mövqelərindən geri çəkilir
NQ
Yəmənin hökumət qüvvələri husilərə qarşı mübarizədə ciddi geriləmə yaşayaraq Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdən geri çəkilmək qərarı verib.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə hökumət qüvvələrinin yaydığı açıqlamada bildirilib. Qərarın əsas məqsədinin ölkənin cənubundakı Ədən şəhərini və qonşu vilayətləri müdafiə etmək olduğu qeyd edilib.
Bildirilib ki, geri çəkilmə Taiz vilayətinin qərbində yerləşən Dhubab hava limanı və Bab əl-Məndəb boğazı ətrafındakı mövqeləri əhatə edir. Bu addım husilərin sentyabr ayında Qırmızı dənizin girişində yerləşən sahil ərazilərini ələ keçirməsindən sonra başlayan altı həftəlik əks-hücum əməliyyatının başa çatdığını göstərir.
Qeyd edək ki, husilərin son aylarda Yəməndə mövqelərini gücləndirməsi, Səudiyyə Ərəbistanına və Qırmızı dənizdəki gəmiçilik marşrutlarına hücumları regionda gərginliyi artırıb.