Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı kəskin bəyanatla çıxış edib. O bildirib ki, ABŞ bəşər tarixində ilk dəfə olaraq Cənubi Amerikanın paytaxt şəhərinə hava zərbəsi endirən dövlət kimi tarixə düşüb.

Postxronika.az xəbər verir ki, prezidentin fikrincə, bu addım region xalqlarının yaddaşında uzun illər silinməyəcək iz buraxacaq.

Petro vurğulayıb ki, indiyədək nə İsrailin Baş naziri Benyamin Netanyahu, nə də Hitler, Franko və ya Salazar kimi avtoritar liderlər Cənubi Amerikanın paytaxtını bombalamağa cəsarət ediblər.

Qustavo Petro qeyd edib ki, Latın Amerikası dünya ilə dialoqa və əməkdaşlığa açıq bir məkandır və region yalnız ABŞ-la deyil, bütün qlobal güclərlə münasibətlər qurmağa qadirdir. Onun sözlərinə görə, ilk dəfə bombalanan Cənubi Amerika paytaxtı Hitlerin Gernika hücumu kimi tarixdə qara səhifə olaraq qalacaq.


“Əgər bir ölkə dostdursa, silaha əl atmamalıdır”, – deyə Kolumbiya Prezidenti əlavə edib.