Bu gün Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədlinin doğum günüdür.1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olan C. Məmmədli 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.

 Mən bunu yazmaqda  bir az gecikdim. Sonra düşündüm ki, bu gecikmə elə mənim adətimdir. Mən onun dərslərinə həmişə bir az gecikmişəm. 

Keçən il universitetdə ən çox sevdiyim, ən çox hörmət etdiyim müəllimlərdən biri məhz Cahangir müəllim oldu. Birinci kursun ilk dərs günü idi.  İllərdir davam edən şəkildə 1-ci kurslara ilk gün müəllimlər gələr, gələcəkdə bizi necə maraqlı dərslər gözləyir deyə bildirərlər. Auditoriyaya bir neçə müəllim daxil oldu. Hələ heç bir müəllimin adını bilmirdim, amma  Cahangir müəllimi görən kimi  qəribə bir tanışlıq hissi yarandı. Elə bil bu insanı çoxdan tanıyırdım. Səsi, duruşu, baxışı mənə nədənsə tanış  gəldi.Hər kəlməsi ölçülü-biçili, hər cümləsi yerində idi. Elə danışırdı ki, sözlər qulaqdan keçib birbaşa düşüncəyə düşürdü. Müəllim dərs yox, sanki həyat dərsi keçir. Buna görə də çox maraqlı alınır.

Fakültəmizdə müxtəlif tədbirlər olur. Konfranslar, görüşlər, təqdimatlar… Mən də jurnalistika tələbəsi olaraq bəzən bu  tədbirləri hər hansı bir sayt üçün yazıya almağa çalışıram. Çıxışları dinləyir, qeydlər aparır, kim nə dedi, necə dedi- hamısını yazmağa çalışıram . Amma Cahangir müəllimin çıxış növbəsi gələndə başqa cür olur . O danışmağa başlayan kimi artıq düşünmürəm ki, bunu necə yazım. Sadəcə dərhal dediklərini yazıya alıram. Çünki bilirəm: onun dedikləri redaktə istəmir, şişirtməyə ehtiyac duymur. Söz özü-özlüyündə mətnə çevrilir.

Keçən il mühazirələrdə auditoriyada səs-küy olurdu. Kiminsə söhbəti, kiminsə gülüşü, kiminsə diqqətsizliyi… Cahangir müəllimin yorulduğu hiss olunurdu. Amma o, heç vaxt dərsini yarımçıq qoymurdu. Heç kimə baxmadan, heç kimi qırmadan, səsini qaldırmadan mövzusunu davam etdirirdi. Bu, məndə ona qarşı daha böyük hörmət yaradırdı. Çünki o, auditoriyaya yox, sözə və peşəsinə sadiq idi.

Kollokviumlarda isə demək olar ki, hər dəfə eyni cümləni eşidirdim: Bərkdən danış, səsini eşitmirəm". Kollekvum üçün kürsüyə yaxınlaşanda diqqətlə baxır,  əlimdə qeyd dəftəri var və bu onun çox xoşuna gəlir.

Bir az uca səslə danışırdım. O isə gülümsəyərək daha yüksək qiymət yazırdı. İndi anlayıram ki, Cahangir müəllim bizə sadəcə cavab yox, səsimizi tapmağı öyrədirdi. Jurnalist üçün səs mövqedir, cəsarətdir, məsuliyyətdir.

Bir dəfə qrup yoldaşım Xumarla dərsdə telefonla oynayırdıq. Müəllim bunu görüb zarafatla dedi: 

"Xumar, Fatiməni çıxar bayıra".

Utandım:  Müəllim, bağışlayın,  dedim. Gülümsədi: Yaxşı.

Tənəffüsdə otaqdan çıxanda qaça-qaça yanına getdik. Üzr istədim. Elə səmimi reaksiya verdi ki, müəllim-tələbə münasibətindən çox, insan yaxınlığı hiss olundu. Hətta qucaqlaşdıq. Hər dəfə karidorda müəllimi görərkən elə gülümsəyirəm ki, çünki mən onu çox istəyirəm.Bunu yazmaqdan çəkinmirəm. Çünki bəzi müəllimlər sadəcə dərs keçmir. Onlar insanın yoluna işıq salır, səndə özünə inam yaradır, səni sözə bağlayır. Onlar jurnalist yetişdirməklə yanaşı, insan böyüdürlər. Etiraf edim ki,  bəzən dərsə getməyə həvəs olmayanda cədvələ baxar, bu gün "Xəbər jurnalistikası" var, gedim deyərdim.

Belə müəllimlərimizin olması böyük xoşbəxtlikdir. Jurnalist yetişdirmək sadəcə peşə öyrətmək deyil, düşüncə formalaşdırmaqdır. Cahangir Məmmədli bunu bacaran müəllimlərdəndir.

Doğum gününüz mübarək, Cahangir müəllim.  Dərsə hər zaman gecikən tələbəniz Fatimədən hörmətlə ..