İstanbulda Qalata körpüsündə yüz minlərlə insanın iştirakı ilə baş tutan "Böyük Qəzza Yürüşü" beynəlxalq mətbuatda geniş əks-səda doğurub.

Postxronika.az xəbər verir ki, yeni ilin ilk səhərində 500 mindən çox insanın qatıldığı bu izdihamlı aksiya dünyanın aparıcı xəbər agentlikləri tərəfindən manşetlərə daşınıb. ABŞ-ın "Associated Press", Fransanın "France 24" və Rusiyanın "İzvestiya" nəşrləri Qalata körpüsünə axışan kütlənin "Fələstini unutmayacağıq" şüarlarını və azadlıq çağırışlarını xüsusi vurğulayıblar.

Azərbaycanın APA agentliyi və Şimali Kipr mediası ilə yanaşı, "Əl-Cəzirə" telekanalı da nümayişçilərin səhər namazından sonra sərgilədiyi həmrəyliyi diqqət mərkəzində saxlayıb. Malayziya və Səudiyyə Ərəbistanı mətbuatı isə bu tarixi hadisəni Qəzzadakı faciəyə qarşı qlobal etirazın simvolu kimi qiymətləndirib.

Ümumilikdə, Qərbdən Şərqə qədər bir çox nüfuzlu media orqanları Türkiyədəki bu nəhəng dəstək nümayişini geniş işıqlandırıb.